Nizamnamə
“INSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı
İctimai Birliyinin
N i z a m n a m ə s i
ÜMUMİ MÜDDƏALAR
1.1. “INSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyi (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini, o cümlədən filialları və nümayəndəlikləri açdığı ölkələri əhatə edir.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin, bu Nizamnamə əsasında qurur.
1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
1.4. Birliyin yerləşdiyi ünvan: M.Ə.Rəsulzadə ŞTQ, Həsrət Ağamalıyev küç 11, mənzil 3, Bakı, Azərbaycan.
BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. İnformasiya Təhlükəsizliyi sahəsində işləyən insanları və qurumları bir araya gətirmək, onların peşəkar və karyera inkişafında dəstək olmaq, bilik və təcrübə mübadiləsi aparmaq, ictimai fayda üçün layihələr hazırlamaq, ictimaiyyəti informasiya təhlükəsizliyi barədə maarifləndirmək, kiber müharibə barədə qurumları məlumatlandırmaqla tədbirlər görmək və kiber cinayətlərə qarşı mübarizə qurumlarına kömək etmək. Yerli və beynəlxalq proqram və layihələri dəstəkləmək.
2.2. İnformasiya təhlükəsizliyi mədəniyyəti yaratmaq üçün seminarlar, konfranslar, panellər, kurslar, təlim və simpoziumlar kimi tədbirlər təşkil etmək.
2.3. Mövcud vəziyyət və ya yeni texnoloji inkişaf və informasiya təhlükəsizliyi problemləri barədə hər cür düşüncənin müzakirə olunduğu bir platforma yaratmaq.
2.4. Birliyin məqsədi ilə əlaqəli mövzularda bülletenlərin vaxtaşırı internetdə və çap şəklində yayımlanması.
2.5. İnformasiya sistemləri təhlükəsizliyi barədə ictimaiyyəti, qurumları və təşkilatları məlumatlandırmaq və vəziyyəti təhlil edərək hesabat vermək.
2.6. Birliyin məqsədi ilə bağlı qanuni tənzimləmələrə dair təkliflər hazırlamaq və bu təklifləri aidiyyəti qurum və təşkilatlara çatdırmaq.
2.7. Üzvləri arasındakı əlaqəni qorumaq və inkişaf etdirmək üçün şam yeməyi görüşləri, toplantılar, konsertlər, sərgilər, idman, gəzinti və əyləncələr kimi tədbirlər təşkil etmək.
2.8. Üzvlərin faydalanmaları və asudə vaxtlarını səmərəli istifadə etmək üçün sosial və mədəni obyektlərin yaradılması və təchizatı.
2.9. Təhsili dəstəkləmək, müvəffəqiyyətli kadrlar yetişdirmək məqsədi ilə ehtiyacı olan tələbələrə və yeni məzunlara maddi və mənəvi dəstək vermək. İctimai birlik maddi imkanları olmayan, lakin təhsil almaq istəyən ehtiyaclı tələbələrə təqaüd verə bilər.
2.10. Birliyin məqsədlərini həyata keçirmək üçün hər cür daşınar, daşınmaz əmlak, əşyalar almaq.
2.11. İnformasiya təhlükəsizliyi sektorunu dəstəkləmək üçün universitetlər, məktəblər və s. kimi təhsil müəssisələri açmaq, zərur hallarda fondlar təsis etmək.
2.12. Təbii fəlakətlər, ölüm, xəstəlik və bənzər hallar, ənənəvi mərasimlər zamanı yaranan çətinliklər qarşısında üzvlər arasında ənənələrə uyğun olaraq hər cür mədəni və sosial həmrəyliyi təmin etmək.
2.13. Beynəlxalq fəaliyyətlərdə iştirak etmək, xaricdə informasiya təhlükəsizliyi səhəsi üzrə təşkilatların üzvü olmaq və bu təşkilatlarla layihə əsasında əməkdaşlıq etmək və ya onları təmsil etmək.
2.14. Birliyin məqsədinə çatmaq üçün oxşar məqsədli birliklərdən, işçi və işəgötürən həmkarlar ittifaqlarından və peşə təşkilatlarından, fondlardan maliyyə yardımı almaq.
2.15. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanunun müddəalarına xələl gətirmədən, vəzifə sahəsinə aid olan sahələrdə dövlət qurumları və təşkilatları ilə birgə layihələr həyata keçirmək.
2.16. Zəruri hallarda nümayəndəliklərin yaradılması
2.17. Eyni məqsədlə fəaliyyət göstərən təşkilatlarla bir araya gələrək bir federasiya çətiri altında birləşmək.
2.18. Birliyin məqsədi ilə əlaqəli və qanunla qadağan olunmayan sahələrdə digər təşkilatlar və ya fondlar, birliklər və bənzər qeyri-hökumət təşkilatları ilə ortaq bir məqsədə çatmaq üçün platformalar yaratmaq.
2.19. Birlik Azərbaycan Respublikasının prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.
BİRLİYİN HÜQUQLARI
3.1. Birlik aşağıdakı hüquqlara malikdir:
öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
müxtəlif təşkilatlara üzv olmaq, beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq;
banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək;
BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ MƏNBƏLƏRİ
4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
4.3.1 Birliyin gəlir mənbələri aşağıdakılardır;
4.3.2. Üzvlük haqqı: Fiziki şəxs olan üzvlərdən giriş haqqı olaraq 20 (iyirmi) AZN və aylıq 20 (iyirmi) AZN tutulur. Hüquqi şəxs olan üzvlərdən giriş haqqı 50 (əlli) AZN, aylıq 50 (əlli) AZN olaraq tutulur. Bir (1) illik üzvlük haqqını öncədən ödəyənlər giriş haqqından azaddırlar. Bu məbləğin artırılmasına və ya azaldılmasına Ümumi yığıncaqda qərar verilir,
4.3.3. Şöbə haqqı: İctimai birliyin ümumi xərclərini ödəmək üçün filiallar tərəfindən toplanan üzv haqlarının 50%, altı ayda bir qərargaha göndərilir,
4.3.4. Fiziki və hüquqi şəxslər tərəfindən ictimai birliyə öz iradələri ilə ianə və yardımlar,
4.3.5. İctimai birlik tərəfindən təşkil olunan çay və şam yeməyi görüşləri, gəzintilər və əyləncə, tamaşalar, konsertlər, idman yarışları və konfranslar kimi fəaliyyətlərdən əldə edilən gəlir,
4.3.6. İctimai birlik əmlakından əldə olunan gəlir,
4.3.7. İctimai birliyin məqsədinə çatmaq üçün lazım olan gəliri əldə etmək üçün həyata keçirdiyi ticarət fəaliyyətindən əldə olunan gəlirlər,
4.3.8. Qanunla qadağan olunmayan digər gəlirlər, qrantlar, ianələr və yardımlar.
4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.
BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) birliyin üzvü ola bilər. Birliyin təsisçiləri İdarə Heyətini və digər daxili idarəetmə və nəzarət orqanlarını yarada bilərlər.
5.4. Birliyə üzvlərin qəbulu təsisçi və ya Birliyin müvafiq icra orqanları tərəfindən aparılır.
5.5. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətini üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü hesab edilir.
5.6. Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.
5.7. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub, aşağıdakı hüquqlara malikdirlər:
bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada birliyin idarəçiliyində iştirak etmək;
Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;
Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.8. Birliyin üzvü eyni zamanda birliyin iki seçkili orqanının üzvü ola bilməz.
5.9. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə, həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.10. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;
Nizamnamə tələblərinə riayət etmək;
Birliyin tədbirlərində iştirak etmək.
5.11. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
5.11.1 könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
5.11.2 Birliyin üzvlüyündən çıxarıldıqda.
5.12. İctimai birliyin üzvlüyündən aşağıdakı hallarda çıxarıla bilər;
5.12.1. Birliyin nizamnaməsinə zidd davranış,
5.12.2. Verilən vəzifələrdən daim yayınmaq,
5.12.3. Yazılı xəbərdarlıqlara baxmayaraq 6 ay ərzində üzvlük haqqını ödəməmək,
5.12.4. İctimai birlik orqanları tərəfindən verilən qərarlara əməl edilməməsi,
5.12.5. Üzv olmaq şərtlərinə cavab verməmək,
5.12.6. Yuxarıdakı hallardan biri müəyyən edildiyi təqdirdə, İdarə Heyətinin qərarı ilə vəzifəsindən və üzvlükdən azad edilə bilər.
5.12.7. Birliyi tərk edən və ya kənarlaşdırılan üzvlər reyestrindən silinir və dərnəyin əmlakına dair hər hansı bir hüquq tələb edə bilməzlər.
5.13. Üzvlükdən çıxarılma təsisçilərin və ya İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.14. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI
6.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.
6.2. Ümumi yığıncaq birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir.
6.4. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
6.4.1. birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;
6.4.2. birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
6.4.3. birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
6.4.4. illik hesabatın təsdiq edilməsi;
6.4.5. başqa təşkilatlarda iştirak;
6.4.6. birliyin yenidən təşkili və ləğv edilməsi.
6.4.7. birliyin icra oqranı olan İdarə Heyətinin sədrinin seçilməsi
6.5. Birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.
6.6. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.
6.7. Birliyin icra orqanı
6.7.1. Birliyin icra orqanı İdarə Heyətidir.
6.7.2. İdarə Heyəti birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və birliyin ali idarəetmə orqanına (Ümumi Yığıncaq) hesabat verir.
6.7.3. Birliyin və İdarə Heyətinin hüquqi təmsilçiliyini və cari işlərinə rəhbərliyi İdarə Heyəti Sədri edir.
6.7.3. İdarə Heyəti ictimai birliyin filiallarını yaradır və nümayəndəliklərini açır.
6.7.4. İdarə Heyətinin səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının və şöbələrinin yaradılması və onların ümumi idarəedilməsi daxildir.
6.8. İdarə Heyəti Sədri:
Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.9. Birliyin Nəzarət-təftiş komissiyası ( bundan sonra NTK) Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2(iki) ildir. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.10. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verilməlidir.
7. BƏYANNAMƏ VƏ BİLDİRİŞLƏRİN TƏQDİM EDİLMƏSİ
7.1.1. Birliyin İdarə Heyətinin əvvəlki ilin fəaliyyəti, gəlir və xərc əməliyyatlarının il sonu nəticələri ilə əlaqəli təsdiqindən sonra hər təqvim ilinin ilk dörd ayı ərzində idarə heyətinin sədri tərəfindən müvafiq yerli orqana təqdim edilir.
7.2. Müvafiq orqana bildirişlər;
7.2.1. Ümumi yığıncağın nəticə bildirişləri, Ümumi məclis iclasında nizamnnamədə dəyişiklik edildikdə, cari və ya növbədənkənar ümumi yığıncaq iclaslarından sonra otuz gün ərzində; Ümumi yığıncaq iclasının protokolları, nizamnamənin dəyişdirilmiş maddələrinin köhnə və yeni variantları, ictimai birlik nizamnaməsinin son forması, hər səhifəsi direktorlar şurası üzvlərinin mütləq əksəriyyəti tərəfindən imzalanmış şəkildə müvafiq inzibati orqana təqdim edilir.
7.2.2. Daşınmaz Əmlak Bəyannaməsi, İctimai birliyin əldə etdiyi daşınmaz əmlak, qeydiyyatdan keçdikdən sonra torpaq reyestrinə otuz gün ərzində “Daşınmaz Əmlak Bəyannaməsi” doldurularaq müvafiq orqana təqdim edilir.
7.2.3. Xaricdən ianə alınması barədə bildiriş
7.2.4. Xaricdən ianə alınması halında, ictima birlik “Xaricdən yardım alınması üçün bildiriş” doldurur və müvafiq inzibati orqana təqdim edir.
7.2.5. Banklar vasitəsi ilə nağd yardım alındığı halda, xərclənməzdən əvvəl bildiriş tələbini yerinə yetirmək məcburidir.
7.3. Dəyişikliklər barədə bildirişlər;
7.3.1. Ümumi yığıncağın iclasından başqa ictimai birliyin orqanlarında, qeydiyyat məlumatlarında baş verən dəyişikliklər barədə dəyişiklikdən sonra otuz gün ərzində müvafiq bildiriş doldurularaq müvafiq yerli inzibati orqana bildirilir.
7.3.2. Birliyin nizamnaməsində edilmiş düzəlişlər, ümumi yığıncağın nəticəsi bildirişinə əlavə edilmiş əsas düzəliş edildikdən sonra otuz gün ərzində müvafiq yerli inzibati orqana bildirilir.
8. FİLİALLARIN VƏ NÜMAYƏNDƏLİKLƏRİN AÇILMASI
8.1 İctimai birliyin filiallarının yaradılması;
8.1.1. İctimai birlik ümumi yığıncağın qərarı ilə zəruri hesab olunduğu yerlərdə filiallar aça bilər. Bu məqsədlə birliyin idarə heyəti tərəfindən səlahiyyət verilmiş ən azı üç nəfərlik təsisçilər şurası filial müvafiq lazımi sənədləri filialın açılacağı yerin ən yüksək inzibati orqanına təqdim edir.
8.2. İctimai birliyin nümayəndəliyinin yaradılması;
8.2.1. İctimai birlik, fəaliyyətini lazım bildiyi yerdə aparmaq üçün idarə heyətinin qərarı ilə nümayəndəlik aça bilər. Nümayəndəliyin ünvanı idarə heyətinin qərarı ilə nümayəndə təyin edilmiş şəxs və ya şəxslər tərəfindən yerli inzibati orqana yazılı şəkildə bildirilir. Nümayəndələr Ümumi Yığıncaqda təmsil oluna bilməzlər. Filiallar nümayəndəliklərini aça bilməz.
9. NİZAMNAMƏYƏ DƏYİŞİKLİKLƏR
9.1. Nizamnamədə dəyişiklik yalnız Ümumi yığıncağın qərarı ilə edilə bilə.r Nizamnamədə dəyişiklik etmək üçün ümumi yığıncaqda iştirak etmək və səs vermək hüququ olan üzvlərin 2/3 səs çoxluğu tələb olunur. Səs çoxluğu olmadığı üçün iclasın təxirə salınması halında, ikinci iclasda səs çoxluğu tələb olunmur. Bununla birlikdə, bu iclasda iştirak edən üzvlərin sayı, idarə heyəti üzvlərinin ümumi sayından iki dəfədən az ola bilməz.
9.2. Nizamnamədə dəyişiklik edilməsi üçün tələb olunan səs çoxluğu, iclasda iştirak edən və səs vermək hüququna malik üzvlərin səslərinin 2/3-ni təşkil edir. Nizamnaməyə dəyişiklik səsverməsi ümumi yığıncaqda açıq şəkildə aparılır.
BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
10.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10.2. Ümumi yığıncaq hər zaman birliyin ləğvinə qərar verə bilər.
10.3. Ləğv məsələsini ümumi yığıncaqda müzakirə etmək üçün ümumi yığıncaqda iştirak etmək və səs vermək hüququ olan üzvlərin 2/3 səs çoxluğu tələb olunur. Səs çoxluğu olmadığı üçün iclasın təxirə salınması halında, ikinci iclasda səs çoxluğu tələb olunmur. Bununla birlikdə, bu iclasda iştirak edən üzvlərin sayı, idarə heyəti üzvlərinin ümumi sayından iki dəfədən az ola bilməz.
10.4. Ləğv qərarı üçün tələb olunan qərarların əksəriyyəti iclasda iştirak edən və səs vermək hüququ olan üzvlərin səslərinin 2/3 hissəsidir. Birliyin fəaliyyətinin dayandırılması qərarı Ümumi yığıncaqda açıq şəkildə elan edilir.
10.5. Birliyin ləğv edilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
DİGƏR ŞƏRTLƏR
11.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları barədə qanunu ilə tənzimlənir.
11.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
11.3. Birliyin maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən həmin ilin dekabr ayının 31-dək, növbəti ildən isə yanvar ayının 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir.
Bu Nizamnamə 11 (on bir) maddədən ibarətdir.